Cümə günü 14 Dekabr 2018

Siyasət

İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib

GanjaNews - 28/06/2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib.

Xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirdi və bu tədbirin böyük önəm daşıdığını dedi.

Dövlətimizin başçısı xanım Alis Uelsin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirdi.

Xanım Alis Uels bu yaxınlarda qeyd olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və “Şahdəniz-2” layihəsinin rəsmi açılışı kimi çox tarixi tədbirlərdən az keçmiş Azərbaycana səfər etməsindən məmnunluğunu vurğuladı. O, bu mühüm hadisələrlə bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası Prezidentinə təbrik məktubları göndərdiyini xatırlayaraq bu münasibətlə öz təbriklərini də çatdırdı.

Dövlətimizin başçısı Amerika Prezidenti Donald Trampın bu iki mühüm hadisə ilə bağlı göndərdiyi məktublara və orada ölkəmiz və ikitərəfli münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlərə görə minnətdarlığını bildirdi, bunun əlaqələrimizin strateji önəmini bir daha nümayiş etdirdiyini dedi və qeyd etdi ki, Azərbaycan tərəfi ABŞ Prezidentinin ölkəmizə olan münasibətini yüksək qiymətləndirir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğuladı və bildirdi ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında bu dəstəyi hiss edib.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb. Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır. Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycan Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin edir. Prezident İlham Əliyev bütün bunların Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini dedi.

Azərbaycan Prezidenti qeyd etdi ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.

Xanım Alis Uels Azərbaycan Prezidenti ilə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını dedi. O, Azərbaycanın Əfqanıstana və bu ölkənin xalqına davamlı dəstəyini və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Hadisə

Təhsil