Cümə axşamı 18 Oktyabr 2018

Cəmiyyət

İntibahını yaşayan Gəncəni tanıyaq və tanıdaq

Rəfiqə Sadıqova - 13/08/2018

Günümüzün möcüzəsi sayılan Heydər Əliyev park-kompleksində inşa edilmiş «GəncLand» istirahət və əyləncə mərkəzi iki il əvvəl ərsəyə gəlib. Həmin gün açılışı bildirən qırmızı lenti kəsən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyətin nümayəndələrini «GəncLand»la tanışlığa dəvət edib.

Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş kompleks 7 hektardan artıq sahəni əhatə edir. Açıq havada inşa edilən bu ən böyük əyləncə kompleksində ilin bütün fəsillərində istirahət etmək, əylənmək mümkündür.

«GəncLand»da uşaqların marağına səbəb olacaq 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər də qoyulub. Nağıl personajlarından ibarət şəhərcikdə 15 maşını olan avtodrom, oyun meydançası, şəlalə, süni göl, mini futbol meydançası və 20 ədəd müxtəlif attraksion inşa edilib.

«GəncLand»da qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan "Ətrafa baxış" dairəvi çarx quraşdırılıb. Təhlükəsizliyinə tam təminat verilən bu çarxın quraşdırılmasında xaricdən gələn mütəxəssislər iştirak edibiər. Regionda ilk dəfə fəaliyyət göstərən "Qalaktika", "Amerikan təpəcikləri", "Hava velosipedi", "Nəhəng sürüşgən", "Disco", "Nəhəng gəmi", "Qar axını", «Yanan kürə», "Avtoralli" və bu kimi attraksionlarda əylənmək istəyənlərə xüsusi bələdçilər xidmət edir.

Bütün bu işlər «GəncLand»ı nəinki qərb zonasının, hətta regionun ən böyük istirahət və əyləncə mərkəzinə çevirib.

Hadisə