Cümə axşamı 18 Oktyabr 2018

Mədəniyyət

Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub

GanjaNews - 11/06/2018

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibəti ilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub.

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, dahi Bülbülün həyat və yaradıcılığından, Gəncədə keçirdiyi illərdən söz açıb. O qeyd edib ki, Bülbül Şuşada doğulsa da gənclik illərini Gəncədə keçirib. Elə məhz buna görə də onun xatirəsi bu şəhər və sakinləri üçün daha da əzizdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasına göstərilən sevgi və ehtirama görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, məktəbin olduğu bir küçəyə Bülbül adının verilməsi, burada onun barelyefinin açılması çox gözəl təşəbbüsdür. Bu Bülbül adının daim yaşayacağına, anılacağına və gələcək nəsillər tərəfindən tanınacağına əminlik yaradır.

Barelyefin rəmzi açılışı baş tutduqdan sonra Xalq artisti Azər Zeyanlov və Əməkdar Artist Anar Şuşalı tədbir iştirakçılarının xahişi ilə Bülbülün repertuarına daxil olan əvəzolunmaz əsərlərdən birini - “Sevgili canan”ı ifa ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Photogallery

Bulbul

Hadisə