Çərşənbə axşamı 19 İyun 2018

Siyasət

Elmar Vəliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxış edib

GanjaNews - 09/06/2018

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti çərçivəsində sonuncu ‪panel iclası yerli idarəçilik mövzusuna həsr edilib.

Panelin moderatoru Avropa Regionları Komitəsində ECR Qrupunun baş katibi Neva Sadikoğlu-Novaki mövzu ilə bağlı fikirlərini bildirib. O deyib ki, yerli idarəçilik qərarların yerli səviyyədə olmasına üstünlük verilməsidir. Siyasi partiyalar arasında ortaq məxrəcə gəlmək önəmlidir. O vurğulayıb ki, Azərbaycanda yerli idarəçilik sahəsinə xüsusi diqqət yetirilir.

İclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə idarəçilik sisteminin yüksək səviyyədə qurulduğunu deyib. O bildirib ki, Azərbaycan hökuməti yerli idarəçiliyi inkişaf etdirmək üçün önəmli addımlar atıb.

İcra başçısı qonaqlara Gəncə şəhəri haqqında məlumat verib. Bildirib ki, Gəncədə inkişaf və müasirləşmə yeni mərhələyə qədəm qoyub. ‪Mövcud təhsil, səhiyyə məkanları yenidən qurulur, avtomobil yolları çəkilir, infrastrukturun yaxşılaşdırılması üzrə layihələr həyata keçirilir. Turizmin inkişafı ilə əlaqədar hazırda Gəncədə mühüm işlər görülür. Yeni sosial-mədəni, infrastruktur layihələrinin açılışı olur. Şəhərdə çoxsaylı ticarət, sənaye obyektləri, istirahət məkanları, mədəni mərkəzlər yaradılır.‪ Bu il beynəlxalq qatar yolu da istifadəyə veriləcək ki, bu da ölkəmizə turist axınına əlverişli şərait yaradacaq.

İtaliyanın Morazzone bələdiyyəsinin sədri və parlament üzvü Matteo Biançi bildirib ki, yerli hakimiyyət orqanlarının fəaliyyəti ondan ibarətdir ki, lazım olan məqamda idarəçiliyi ələ alsınlar və fəaliyyət göstərsinlər. Yerli icmalar maraqlarını nəzərə alaraq müəyyən qərarlar verə bilərlər. Bunun üçün yerli vətəndaşlara daha çox imkan verilməlidir.

Slovakiya Respublikası Milli Şurasının üzvü Juray Droba deyib ki, insanlar özləri üçün qərarlar verə bilərlər. Bunun üçün onlara lazımi şərait yaradılmalıdır. Yerli qurumlar vətəndaşlara öz işlərini aparmağa yardım etməlidir. Müasir dövrdə cəmiyyətdə yerli idarəetməyə daha çox önəm verilməlidir.

Böyük Britaniyanın Tees Valley şəhərinin meri Ben Houçen qeyd edib ki, yerli idarəçiliyin inkişafı dövlət idarəçiliyində rəhbər şəxslər qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün müasir təlim texnologiyalarından, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır.

Sonra panelin mövzusuna uyğun fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

                                                                                                                                                                                                    AzerTag.net

 

Photogallery

Sammit Sammit 2 SHA 0174 (1) SHA 0170

Ən çox oxunan

Hadisə

Cəmiyyət