Cümə axşamı 18 Oktyabr 2018

Təhsil

GDU Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Kamilə Seyidli - 07/06/2018

GDU-nun rektoru Yusif Yusibov iclası açaraq onun gündəliyində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq, universitetin əməkdaşlarına professor, “fəxri professor” və dosent elmi adının verilməsinə dair vəsatətin qaldırılması, eləcə də cari məsələlərin daxil olduğu barədə məlumat verib.

Rektor bildirib ki, müasir dövrdə təhsilin paradiqmasının dəyişməsi həm milli, həm də beynəlxalq səviyyədə bu sahənin inkişafı istiqamətində universitetlərin qarşısında böyük məqsədlər qoyur. Təhsil üzrə ekspertlərin araşdırması göstərir ki, hər yeddi ildən bir mövcud ixtisasların təxminən 40 faizi özünün əvvəlki populyarlığını itirir və bu sahələr üzrə kadr hazırlığının həyata keçirilməsi dayandırılır. Həmçinin elm və texnologiyanın sürətli inkişafı qarşılıqlı olaraq biri digərinin inkişafını şərtləndirməklə yanaşı, universitetlərdə yeni-yeni sahələr üzrə kadr hazırlığının həyata keçirilməsini zəruri edir. Müəllim peşəsi, pedaqoji kadr hazırlığı isə əvvəlki illərdə olduğu kimi özünün populyarlığını saxlasa da bu sahədə nəzəri və təcrübi biliklərin müasir dövrün tələbinə uyğun olaraq yenilənməsi, eləcə də pedaqoji kadr hazırlığı prosesində kreativ düşünən, tədris şəraitində interaktiv tədris metodikasına üstünlük verən, təlimdə müasir informasiya kommunikasiya texnologiyalarını geniş tətbiq etməyi bacaran və daha geniş dünyagörüşünə malik ali səviyyəli pedaqoji kadrların hazırlanmasını müasir dövrün tələbi kimi qarşıya qoyur.

Yusif Yusibov qeyd edib ki, qeyd olunan sahələrin inkişafı üçün Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilində infrastrukturun yenilənməsi, maddi texniki bazanın zənginləşdirilməsi, ali təhsil müəssisəsinin kadr potensialının gücləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, ümumilikdə isə ali təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilib.

Cari tədris ilində universitetin 5-ci tədris korpusu müasir tələblər səviyyəsində yenidən qurulub. Korpusun nəzdində yeni mühazirə və seminar otaqları, Xarici dillər fakültəsində təhsil alan tələbələrin ixtisasları üzrə xarici dil bacarıqılarının təkmilləşdirilməsi məqsədilə həmin dillərin öyrənilməsi üçün kabinetlər yaradılıb. Yeni tədris korpusunda TİKA-nın dəstəyi ilə 40 minlik müasir kitab fondu olan Nuru Paşa adına kitabxana, oxu zalı, beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş zal, idman zalı, Fransa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki dövlət arasındakı elm, təhsil və mədəniyyət əlaqələrinin möhkəmlənməsinə və daha da inkişafına xidmət edəcək Aleksandr Düma Mərkəzi, Məhdud Fiziki İmkanlı Gənclər üçün Təlim və Tədris Mərkəzi qurulub.

“Bu il universitetin əsas binasında yaradılan İnnovasiyalar departamenti isə yalnız GDU üçün deyil, həm də Gəncə şəhəri və respublikamızın qərb regionu üçün böyük elmi hadisəyə çevrilib. Çünki, İnnovasiyalar departamenti universitetin alim və tələbələrinin elmi təşəbbüslərini dəstəkləmək, yeni startapları həyata keçirmək, elm-təhsil-sənaye üçlü modelini tətbiq etmək, eləcə də elmin kommersiyalaşdırılmasına nail olmaq və respublikanın qərb regionunda innovasiya mədəniyyətini formalaşdırmağı əsas məqsəd kimi qarşıya qoyub” – deyə professor Yusif Yusibov qeyd edib.

Universitetin nüfuzunun ictimaiyyətdə də ildən-ilə yüksəldiyini deyən rektor Yusif Yusibov bildirib ki, 2017-2018-ci tədris ilində GDU son 20 ildə ən yüksək sayda tələbə qəbulunu həyata keçirib. Universitetin əsas ixtisaslarında tam olaraq qəbul qeydə alınıb. Həmçinin universitetə yüksək balla daxil olan tələbələrin də sayında son 20 ilin ən yüksək göstəricisi qeydə alınıb.

Təhsildə keyfiyyətin yaradılması, idarəeilməsi və proqnozlaşdırılmasının çevikliyini təmin etmək məqsədilə rektorun tapşırığına əsasən universitetin nüfuzlu alimlərindən, yüksək ixtisaslı kadrlarından, psixoloq və pedaqoqarından ibarət Təhsilin Keyfiyyətinə Nəzarət komissiyası və nizam-intizam üzrə Monitorinq qrupları yaradılıb.Tədris ili müddətində dəfələrlə komissiyaların və monitorinq qruplarının hesabatları dinlənilib, təklifləri nəzərə alınıb və zəruri tapşırıqlar verilib.

2017-2018-ci tədris ili ərzində universitetin Təcrübə və karyera mərkəzi və universitet rəhbərliyinin müvafiq əmri ilə yaradılmış xüsusi işçi qrupu də ali təhsil müəssisəsinin şəhər ictimaiyyəti içərisində nüfuzunun daha da yüksəldilməsi, nailiyyətlərinin təbliği, eləcə də yuxarı sinif şagirdlərinin gələcək karyera və peşə seçiminə köməklik üçün çoxsaylı tədbirlər həyata keçirib.

Bunun üçün universitetin Təcrübə və karyera mərkəzi özünün fəaliyyətini 5 istiqamətdə formalşdırıb və geniş təbliğat işinə başlayıb.

Mərkəz ilk olaraq şəhərin ümümtəhsil məktəblərində, xüsusən universitetin baza təhsil ocaqlarında professor-müəllim heyətinin nümunəvi dərslərini təşkil edib. Bu cür dərslər məktəb kollektivləri tərəfindən böyük razılıqla qarşılanıb.

Mərkəzin Gəncə və ətraf rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil etdiyi fənn olimpiadaları məktəblər arasında rəqabət mühiti yaratmaqla gənclərin elmə marağını daha da artırıb.

Təcrübə və  karyera mərkəzinin universitetin məzunlarının iş yerləri ilə təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərlə müsbət nəticəyə nail olunub.

Cari tədris ilində baza təhsil məktəblərindən olan Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbində Təcrübə və Karyera Mərkəzi fəaliyyətə başlayıb.

İyunun 1-dən 2017-2018-ci tədris ilinin yaz sessiyasının başladığını deyən rektor Yusif Yusibov universitetdə bu il ilk dəfə olaraq tətbiq ediləcək bir sıra yeniliklər sırasında Tələbə Ombudman Mərkəzinin fəaliyyətə başlamasını tələbələrin həm semester ərzində, həm də sessiya dövründə yarana biləcək problemlərinin aradan qaldırılması istiqamətində mühüm işlər görəcəyini deyib.

Sonra yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Fəxrəddin Məmmədovun hesabatı dinlənilib.

Elmi Şurada Fizika kafedrasının professoru elmi adını almağa dair Muğan Quliyevin, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti elmi adını almağa dair Elfira Ağayevanın, Kimya kafedrasının dosenti elmi adını almağa dair Mətanət Rzayevanın, Azərbaycan və dünya ədəbiyyatı kafedrasında boş olan dosent yerinə seçki üzrə Səba Namazovanın, həmçinin universitetin «Fəxri Professoru» adının verilməsi haqqında Ümumi pedaqogika kafedrasının dosenti Kəmalə Hacıyevanın Elmi Katib tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.

Elmi Şura ilk iclasını cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

Photogallery

19 20 17 22 24 21 23

Hadisə