Cümə axşamı 18 Oktyabr 2018

Elm

Gəncədə VIII Beynəlxalq Şairlər Günü qeyd edilib

Kamilə Seyidli - 01/06/2018

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin, Azərbaycan Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AYB-nin Mətbuat Xidmətinin sədri şair Xəyal Rza, Rəfibəylilər nəslindən olan Akif Rəfibəyli, Türkiyədən və ölkəmizin müxtəlif regionlarından olan şair və yazıçılar iştirak ediblər.

VIII Beynəlxalq Şairlər gününün Gəncəli Xalq Şairi Nigar Rəfibəyliyə və Türk şairi Nigar Binti Osmana həsr edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir Nizami Gəncəvi Məqbərəsindən başlayıb, Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət edildikdən sonra, Xan bağında Nigar Rəfibəylinin heykəli önündə xatirə şəkilləri çəkilib.

Sonra  tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətini əks etdirən muzeydə olublar, Gəncə Dövlət Filarmoniyasının Möhtəşəm binasının arxitekturasını heyranlıqla seyr ediblər.

Nigar Rəfibəyli adına 43№li tam orta məktəbin həyətində Nigar Rəfibəylinin heykəli önündə məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirilib.

Tədbirin davamı olaraq Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində VIII Beynəlxalq Şairlər gününü Xalq şairi Nigar Rəfibəyli və Türk şairi Nigar Binti Osmanın xatirələri anılıb.

Yığıncağı şair Xəyal Rza açaraq sözü Xalq yazıçısı Anara verib. Anar bu tədbirin beynəlxalq əhəmiyyətindən danışaraq yığıncağın Nigar Rəfibəyli və Nigar Binti Osmanın yaradıcılığına hörmətlə yanaşılmasına görə təşəkkürünü bildirib. Nigar Rəfibəyli adına 43№li tam orta məktəbin şagirdləri Nigar şeirlərindən ibarət kompozisiyalarını yığıncaq iştirakçılarına məharətlə təqdim ediblər. Kompozisiyaların müəllifi Vəfa Cəfərovanın çıxışı rəğbətlə qarşılanıb.

Tədbirdə AYB Gəncə Bölməsinin sədri Xəzangül, AYB Qazax Bölməsinin sədri Barat Vüsal, şairlərdən Sahib İbrahimli, Bəxtiyar Muradov, Aləmzər Əlizadə, yazıçı Nüşabə Əsəd Məmmədli, türk şairlərindən Türkiyə Elm və Ədəbi əsər sahibləri başqanı Mehmet Nuri Barmaksız, Yalçın Gülhan Kaya, Yadigar Sarı çıxış edərək ürək sözlərini tədbir iştirakçılarına söyləyibilər.

Hadisə