Çərşənbə günü 19 Dekabr 2018

Səhiyyə

Nizami yurddunda 'Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri' mövzusunda 5-ci regional konfransı keçirilib

Kamilə Seyidli - 26/05/2018

Gəncə şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin "Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri" mövzusunda 5-ci regional konfransı keçirilib. Kİonfrans Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsindəki ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Vurğulanıb ki, dövlətimizin başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Son illər Azərbaycanda səhiyyə, xüsusilə də onun oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Azərbaycanda, xüsusən Gəncə şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının tibbin son nailiyyətlərini özündə əks etdirən avadanlıqlarla təchiz olunduğunu, eləcə də buradakı təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə, müalicə və əməliyyatlarını tətbiq etdiklərini diqqətə çatdırıb. Həmçinin Mərkəzin Gəncə filialının şəhər və ətraf rayonların sakinlərinə oftalmoloji xidmət göstərməsi üçün böyük potensialının olduğunu və bu sahədə daha çox işlərin görülməsinin zəruriliyini qeyd edib.

Dünya Səhiyyə Təşkilatının və Dünya Korluqla Mübarizə Agentliyinin məlumatına əsasən, dünyada 40 milyondan çox insanın korluqdan əziyyət çəkdiyini deyən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, statistik rəqəmlərə görə, əgər bu sahədə profilaktik tədbirlər görülməsə, 2020-ci ilədək bu rəqəm 70 milyona çatacaq.

Yazgül Abdıyeva qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi korluqla mübarizə məqsədilə ucqar kəndləri, rayon və şəhərləri əhatə etməklə profilaktik tədbirlər həyata keçirir. Həmin profilaktik tədbirlər içərisində həm mərkəz və filiallar, həm də avtomobil səyyar klinikası fəaliyyət göstərir. Həmçinin ilk dəfə olaraq bu il mayın 8-dən 12-nə kimi dəmiryol səyyar klinikası Astara şəhərində aksiyaya başlayaraq, əhaliyə oftalmoloji yardım göstərib.

Hazırda dəmiryol səyyar klinikasının Gəncədə şəhər sakinlərinə xidmət göstərdiyini deyən Yazgül Abdıyeva, bu cür səhiyyə xidmətinin üstünlüklərindən də bəhs edib. Bildirilib ki, əgər avtomobil səyyar klinikasında gün ərzində 200 nəfər müayinə olunursa, ən son texnologiya əsasında bütün növ cihazlarla təchiz edilmiş dəmiryol səyyar klinikasında bir gündə 300 nəfəri müayinə etmək, 30 xəstənin gözündə isə cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Bunun üçün səyyar klinika üç hissədən - müayinə, cərrahiyyə və texniki bölmələrdən təşkil edilib.

Sonra konfrans iştirakçılarının "Əhaliyə göstərilən oftalmoloji yardımın hesabatı, perspektivlərı", "Azərbaycan Respublikasının Gəncə–Qazax iqtisadi rayonunda fəaliyyət göstərən oftalmoloji yardım şəbəkəsi", "Azərbaycanda "Neft daşları" yataqlarında çalışan işçilərin görmə orqanının patologiyasının xüsusiyyətləri", "Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında görmə üzvünün cərrahiyyəsində son innovasion vitreoretinal texnologiyaların tətbiqinin əhəmiyyəti, nəticələri" və digər mövzularda elmi məruzələri dinlənilib.

Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

Photogallery

4 5 3

Hadisə