Cümə günü 25 May 2018

Mədəniyyət

Opera və Balet Teatrında 'Cavad xan' baletinin premyerası olacaq

Sənubər Qocayeva - 17/05/2018

Tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub.

İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcək.

Teatrdan verilən məlumata görə, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Yeni tamaşanın quruluşçu baletmeysteri Xalq artisti, prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatlarının sahibi Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Xalq rəssamı Rafiz İsmayılovdur.

Tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Cavad xan), əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (çar Aleksandr I) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcəklər.

Hadisə

Cəmiyyət