Bazar ertəsi 20 Avqust 2018

Siyasət

Gəncəli deputatlar Gürcüstan parlamentində bir sıra məsələləri müzakirə edib

Kamilə Seyidli - 14/05/2018

Gürcüstanda səfərdə olan Milli Məclisin deputat qrupu qonşu ölkənin parlamentində növbəti görüş keçirib.

Nümayəndə heyətinin Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi ilə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstanda milli azlıqlar üçün olan “1+4” proqramının əhəmiyyətini qeyd edərək, bu proqram sayəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib.

Ə. Amaşov həmçinin Gürcüstan azərbaycanlılarını təhsil sahəsində narahat edən məsələlərə də diqqət çəkib. O, Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü dilinin tədrisinə diqqətin daha da artırılmasının vacibliyini qeyd edib.

M. Caşi isə öz növbəsində Azərbaycan dövlətinin Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərsliklərlə təminatında göstərdiyi dəstəyə görə təşəkkür edib. Komitə sədri qeyd edib ki, Gürcüstanda etnik azlıqların təhsil aldıqları məktəblərə gənc kadrların cəlb olunması və həmin məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir.

Görüşdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının hazırkı vəziyyəti də nəzərdən keçirilib və mədəniyyət ocağının binası ilə bağlı məsələnin tezliklə birgə səylərlə həll olunacağına ümid ifadə olunub.

Qeyd edək ki, Ə. Amaşovun başçılıq etdiyi deputat qrupuna millət vəkilləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov daxildir. Nümayəndə heyəti artıq Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava və parlament sədri İrakli Kobaxidze ilə görüşüb.

“Gürcüstan və Azərbaycan parlamentləri arasında münasibətlər intensivləşdiriləcək”.

Bu barədə isə Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri azərbaycanlı millət vəkilləri ilə görüşdən sonra deyib.

O, bildirib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud əlaqələr barədə fikir mübadiləsi aparılıb:"Azərbaycan bizə qonşu və dost ölkədir. Gürcüstan və Azərbaycan hökumətləri arasında görüşlər tez-tez keçirilir. Parlament nümayəndələri arasında da görüşlərin tezliyi bu səviyyəyə çatdırılmalıdır. Parlamentlərarası intensiv münasibətlər dövlətlərimizin daha da yaxınlaşmasına töhfə verəcək”.

Z. Dzidziquri qeyd edib ki, görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələ də nəzərdən keçirilib.

Photogallery

Deputat2 Deputat3

İdman

Hadisə

Cəmiyyət