Bazar günü 23 Sentyabr 2018

Təhsil

UTECA-da Startap düşərgəsi təşkil olunub

Kamilə Seyidli - 14/03/2018

Azərbaycan Texnologiya Universitetində (UTECA) Sosial İnnovasiya Laboratoriyasının birgə təşkilatçılığı ilə Startap düşərgəsi keçirilib.

Düşərgədə UTECA ilə yanaşı Gəncə Dövlət Universiteti (GDU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ümumilikdə 23 tələbəsi iştirak edib.

2 gün davam edən intensiv proqramda iştirakçılara müxtəlif metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikaları öyrədilib. Praktiki təlim proqramı ərzində iştirakçılar real biznes modelin qurulmasında yarana biləcək hər hansı maneəni müəyyənləşdirmək və aradan qaldırmaq üçün lazım olan bacarıqlara yiyələnmək imkanı qazanıb. 6 komandaya bölünən düşərgə iştirakçıları alternativ qida, kənd təsərrüfatı, təhsil və sağlamlıq sektorlarında rast gəlinən problemlərin intellektual həll yollarına dair innovativ biznes ideyaları üzərində çalışıblar. İştirakçılar ən müasir vasitələrdən istifadə edərək özlərinə aid biznes modelləri və məhsulları hazırlayaraq düşərgənin yekununda münsiflər heyətinə təqdim ediblər. Təhlillər nəticəsində 3 startap layihəsi qalib elan olunub:

1-ci yerə layiq görülən Otmilk layihəsi ABŞ və Avropadan kənarda inkişaf etməkdə olan bazarlar üçün çıxarılan qeyri-gündəlik bitki əsaslı alternativ süd istehsalını, 2-ci yerə çıxan Karanti layihəsi torpağın məhsuldarlığını artırmaq üçün bitki əsaslı üzvi gübrələrdən istifadə edərək istehlakçılar üçün sağlam qida istehsalını, 3-cü yeri tutan Blodos layihəsi isə xəstələr və xəstəxanaların bir düymə ilə tələb olunan qanı tapmasına imkan verən mobil qan donorluğu axtarışını yaratmağı nəzərdə tutur.

Qalib layihələr “Climate Launchpad” Azərbaycan akselerator və inkubasiya proqramına çıxış əldə edib. İlk 3 yeri tutan komandaların üzvlərinə sertifikatlar təqdim olunub. Qaliblər həmçinin Azerbaycan Texnologiya Universitetində inkubasiya xidməti almaq – ofis, 3 nəfərlik iş masası, kompyuter, internet və sair imkanlardan yararlanmaq imkanı qazanıb.