Çərşənbə günü 19 Dekabr 2018

Siyasət

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Samirə Səmədova - 14/03/2018

Konfransda Nizami Gəncəvinin əsərlərinin dünya ədəbiyyatına tamamilə yeni bir poetik nəfəs gətirdiyi vurğulanıb.

VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib. Bu dahi söz ustadını Şərqin və Qərbin görkəmli sənətkarları ilə müqayisə edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri adlandırıb. O deyib: “Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri ilə dünyanı fəth edib”.

Akademik diqqətə çatdırıb ki, Nizami Gəncəvinin beş ölməz poeması dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Bu poemalar “Xəmsə” adı altında dünya ədəbiyyatı xəzinəsinə töhfəsini verib. Nizami Gəncəvinin Şərq intibahının zirvəsində dayandığını deyən İ.Həbibbəyli dahi şairin ədəbi məktəb yaradığını bildirib. Vurğulanıb ki, bu ədəbi məktəb bütün mədəni dünyada yaşayır. Çünki Nizaminin əsərlərindəki ideyalar dünyanı düşündürən ideyalar olub.

Akademik ölkəmizdə Nizami Gəncəvi ilə bağlı bir çox tədqiqatların aparıldığını, onun haqqında əsərlər yazıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu əsərlərdən zəngin bir kitabxana yaratmaq mümkündür. “Nizami XXI əsrdə dünyanı yenə də ədalət, azadlıq, sülhə çağırış idealları uğrunda mübarizəyə səsləyir”, - deyə İ.Həbibbəyli çıxışını yekunlaşdırıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin yaşamasının sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki multikultural dəyərlərdədir.

Sonra Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfrans haqqında məlumat verib.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin Nizami Gəncəvini qeyri-adi şəxsiyyət, fitri istedad sahibi, bir neçə dildə danışa bilən, ensiklopedik biliyə malik bir insan kimi səciyyələndirib. Nizaminin “Divan” yazdığını, lakin dünya ədəbiyyatı tarixinə adını “Xəmsə” ilə həkk etdiyini deyən İ.Seragəldin vurğulayıb ki, bu əsərlər səkkiz əsrdən çoxdur ki, yaşayır və dünyada qəbul edilir. Bunu dünyanın tanınmış tənqidçiləri də təsdiq edir. Nizaminin əsərləri bu gün mədəniyyətlərarası dialoq platforması kimi çıxış edir. Onun əsərlərində qadın təkcə gözəllik predmeti deyil, həm də ağıl sahibi kimi təsvir olunur.

Nizaminin əsərlərindəki ideyaların genişliyindən danışan Kembric Universitetinin təmsilçisi Kristin van Rumbeke hələ tələbəlik illərindən onun əsərlərinə aşiq olduğunu, bu sevginin indi də davam etdiyini deyib. Dahi Nizaminin ədəbi qaynaqlardan və süjetlərdən yaradıcılıqla istifadə etdiyini bildirən K.Rumbeke şairin ideyaları sadə və poetik şəkildə oxucuya çatdırmaq bacarığını xüsusi vurğulayıb. Eyni zamanda, alim Nizaminin geniş dini biliklərə, eləcə də dövrünün elmlərinə sahib olduğunu qeyd edib.

Konfrans işini bölmə iclasları ilə davam etdirir.

Photogallery

15210108634331938763 1000x669 15210108636367034927 1000x669 15210108635679450375 1000x669

Hadisə