Bazar ertəsi 24 Sentyabr 2018

İqtisadiyyat

Gəncədə qeyri-yaşayış sahələri hərraca çıxarılıb

Sənubər Göyüşqızı - 13/02/2018

Ölkədə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, martın 13-də keçirilməsi nəzərdə tutulan növbəti hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən yardımçı təsərrüfat, Şəmkir Balıq Zavodu, Maştağa avtodəstəsi, Qusar kərpic sexi kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-si sənaye, qalanları isə digər sahələrə aiddir.

Bu əmlaklar arasında ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 500 kv.m-dən çox olan Şəmkir Balıq Zavodu da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10-447 kv.m arasında dəyişir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, müxtəlif bölgələrdə yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir.

Satışa çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir, buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edir.