Bazar günü 23 Sentyabr 2018

Siyasət

İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib

GanjaNews - 12/02/2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu bildirdi. Dövlətimizin başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğuladı, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi, səfərin iki dövlət arasında mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. 

Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edildi. 

Prezident İlham Əliyev Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papası I Fransiskə və dövlət katibinə çatdırmağı xahiş etdi.