Çərşənbə günü 17 Yanvar 2018

Cəmiyyət

“İlin Könüllüsü 2017” mükafatına ərizə qəbulu davam edir

Sənubər Göyüşqızı - 12/01/2018

Müsabiqə üçün ərizə qəbulu 25 yanvar 2018-ci ilədək davam edəcək.

“İlin könüllüsü” mükafatı ölkədə könülllü qismində iştirak edən şəxslər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı gənclərin qiymətləndirilməsi və könüllülük fəaliyyətinin stimullaşdırılması məqsədilə ilk dəfə olaraq həyata keçirilir. 

“İki sahil”in məlumatına görə, “İlin Könüllüsü 2017” mükafatı 5 sahə üzrə könüllü qismində çalışan könüllü gənclər qrupu daxildir: Dövlət Qurumlarında Könüllülük, Genişmiqyaslı Tədbirlərdə Könüllülük, Ekoloji Könüllülük, Sosial Könüllülük, Qeyri-hökümət Təşkilatlarında Könüllülük.  “İlin Könüllüsü 2017” müsabiqəsində hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər 1000 AZN məbləğində pul mükafatı, diplom və “İlin könüllüsü” yaxa nişanı ilə təltif olunacaq.

Mükafata müraciət etmək istəyən gənclər 25 yanvar 2018-ci il tarixinədək www.ilinkonullusu.az saytına daxil olub ərizə formasını doldurmalıdır. Qeyd edək ki, ərizə formasını doldurduqda “Nəyə görə mən İlin Könüllüsü olmalıyam?” sualına 2 dəqiqəlik video yükləmək mütləqdir.

İlin könüllüsü nədir? “İlin könüllüsü” mükafatı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının tərəfindən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində ölkədə könüllülük fəaliyyəti ilə məşğul olan şəxslərin qiymətləndirilməsi və könüllülük fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilir. Layihənin  əsas məqsədi ölkədə könülllü qismində iştirak edən şəxslər arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasıdır.

Müsabiqənin hədəf qrupuna 5 sahə üzrə könüllü qismində çalışan könüllü gənclər qrupu daxildir. Dövlət Qurumlarında Könüllülük nominasiyasına ölkədə fəaliyyət göstərən dövlət qurumlarında könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Genişmiqyaslı Tədbirlərdə Könüllülük nominasiyasına ölkədə həyata keçirilmiş bir çox idman, mədəniyyət və digər genişmiqyaslı tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Qeyri-hökümət Təşkilatlarında Könüllülük nominasiyasına müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarında könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Ekoloji Könüllülük nominasiyasına ətraf mühit və təbiətin qorunması ilə bağlı ölkədə könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər və Sosial Könüllülük nominasiyasına yardıma ehtiyacı olan insanlara, xüsusən də valideyn himayəsindən məhrum olan uşaqlar və tənha və kimsəsiz qocalara könüllü olaraq yardım göstərmiş gənc könüllülər qrupu daxildir.

Məlumat üçün qeyd edək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edib və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Azərbaycan Könüllülük xidməti 2017-ci ildə də öz missiyalarını uğurla davam etdirmiş və ölkədə könüllüyə olan marağın artırılması, könüllülük vərdişlərinin yayılması istiqamətlərində iri miqyaslı layihələr ilə ictimaiyət qarşına çıxmışdır. Sözü gedən proqram çərçivəsində 2017-ci ildə də könüllü mübadilə proqramı baş tutmuşdur. Mübadilə Proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən  Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçirilib.

Hadisə