Cümə günü 21 Sentyabr 2018

Cəmiyyət

Günümüzün bəlası

GanjaNews - 11/01/2018

İntihar insanın acizliyinin göstəricisidir.

Lamiyə İsazadə - “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri 

İntihar bütün dünyada böyük ictimai problemdir. Son zamanlar ölkəmizdə də intihara təşəbbüs edən gənclərin sayı çoxalır.
 
İntiharların bu qədər geniş vüsət alması, aktuallaşması nə ilə bağlıdır? Gənclərin ümidsizliyə düçar olmaları, qarşılarına çıxan maneələri aşa bilməmələri, mənəvi gücsüzlükləri, zəif sinir sisteminə malik olmaları, onlarda belə hiss yaradır ki, cəmiyyətimiz üçün yararsızdırlar. Məhz buna görə intiharı yeganə çıxış yolu kimi görürlər. 

İntihara cəhd edən gənclərimiz, öhdəsindən gələ bilmədikləri duyğuları, çəkdikləri iztirabları yox etməyin, onlardan xilas olmağın yeganə yolunun intihar ola biləcəyinə inanırlar. 

Gənclərin intiharına səbəb olan bir neçə amil isə bunlardır: Bu hadisə, xüsusilə, keçid yaş dövründəki yeniyetmələrə aiddir. Məhəbbətinə qarşılıqlı cavab almadıqda, yaxud ailədə ən xırda problemlərlə qarşılaşdıqda gənc özünə qəsd edə bilər. Qızlarda baş tutmayan qarşılıqsız sevgi çox vaxt intiharla nəticələnir. Oğlanlarsa ailə, karyera qura bilməmək, perspektivin olmaması və digər amilləri özünəqəsdə aparan yol kimi dəyərləndirir. Digər tərəfdən, valideynlər arasında münaqişələr, gəncləri zorla ailə qurmağa məcbur etmək, maddi imkansızlıq, yaşıdlarına nisbətən daha aşağı yaşayış tərzi də intihara səbəb ola bilir. 
 
İntiharla ölən insanların heç də hamısına psixi xəstəlik diaqnozu qoyulmur. Bunu cahillik adlandırmaq da düzgün olmaz. İntihar etmək istəyənlər düşüncələrində və hisslərində emosional ağrılardan əzab çəkirlər. 

İntiharla ölənlər ümidsizlik, köməksizlik, acizlikdən bezdiklərini düşünürlər. 

Xalq şairi Fikrət Qocanın bir şeirində deyildiyi kimi: “İntihar fərarilikdir”. Həqiqətən də intihar çiyninə düşən yükün altından qaçmaqdır, insanın acizliyinin göstəricisidir. Ən çətin vəziyyətdə belə, intihar çıxış yolu, doğru seçim ola bilməz. İntihara təşəbbüs edənlərin hisslərini, duyğularını anlayırıq, lakin intiharın əleyhinəyik. 

Unutmayaq ki, intihar insanların bir-birilərinə qarşı hissizliyinin, duyğusuzluğunun, laqeyidliyinin nəticəsidir.  İntihara təşəbbüs edənləri bu yoldan çəkindirməyin başlıca yolu insanlara sevgi verməkdir. İnsanlar daha həssas, mehriban, hörmətlə yanaşsa, dəyər versə, əminliklə deyə bilərəm ki, intihar hadisələrindən uzaq olarıq.     

 525.az