Bazar günü 23 Sentyabr 2018

Mədəniyyət

Gəncədə fortepiano müəllimi Züleyxa Bəhrəmzadənin solo konserti olub

Samirə Səmədova - 05/01/2018

Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı Uşaq Musiqi Məktəbində fortepiano müəllimi Züleyxa Bəhrəmzadənin solo konserti keçirilib. Konsertdə Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, məktəbin müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konsert iştirakçıları ilk olaraq fortepianoda Züleyxa Bəhrəmzadənin müşaiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.

Millət vəkili Pərvin Kərimzadə tədbirə dəvət aldığı üçün minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin  Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın Gəncə şəhərinə xüsusi diqqət və qayğısından, ölkə başçısının 2017-ci ilin noyabr ayının 10-da Gəncəyə olan səfərindən danışıb. Millət vəkili  Prezident cənab İlham Əliyevin “Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 27 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən şəhərin ictimai-siyasi mədəni həyatında çalışanlara fəxri adların verilməsini minnətdarlıq hissi ilə qeyd edib. Pərvin Kərimzadə həmçinin Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə şəhərdə görülən möhtəşəm quruculuq, abadlıq və yenidənqurma işlərindən danışıb.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev çıxış edərək, bildirib ki,  ixtisaslı musiqiçi kadrların yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə fəaliyyət göstərən 5 saylı Uşaq Musiqi Məktəbinin mədəniyyət sahəsində gənc kadrların yetişdirilməsində xüsusi rolu var.

Züleyxa Bəhrəmzadənin xalq mahnılarından ibarət hazırladığı maraqlı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda 5 saylı Uşaq Musiqi Məktəbi xalq çalğı alətləri şöbəsinin müdiri, tarzən İbrahim Abbasova, qarmon müəllimi Zakir Bayramova, fortepiano müəllimi Züleyxa Bəhrəmzadəyə səmərəli əmək fəaliyyətlərinə görə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Photogallery

Solo1 Solo2 Solo4 Solo5 Solo3