Bazar günü 23 Sentyabr 2018

İqtisadiyyat

İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

GanjaNews - 16/12/2017

Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

“Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb, tam gücü ilə istehsal fəaliyyətinə isə 1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində tikişsiz boru istehsal edən 26 müəssisədən biri olan bu zavodda çalışanların sayı 12 min nəfər, onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil edib. 1979-cu ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən zavodun ərazisində neft sənayesi üçün qazma borularının istehsalı sahəsi yaradılıb. Bununla da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal edən 3 müəssisədən birinə çevrilib. Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. 1995-ci ildə zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları texniki cəhətdən yararsız hala düşüb. 2016-cı ilin oktyabr ayında “Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirilib.

Dövlət başçısı zavodu işə saldı.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada metalın bərkliyini, möhkəmliyini, axma həddini və nisbi uzanmasını təyin edən avadanlıq quraşdırılıb, mikro və makrostruktur analizlər üçün hər növ mikroskoplar, metalın kimyəvi tərkibini təyin etmək üçün spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

Photogallery

019 006