Bazar ertəsi 17 Dekabr 2018

Elm

Azərbaycanın gənc alimlərinin I qurultayı keçirilib

Samirə Səmədova - 16/12/2017

Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qurultayın açılış mərasimindən əvvəl gənc alimlərin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Respublika gəncliyinin fəaliyyətini əks etdirən videokontentlər sərginin baş monitorunda yayımlanıb. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik Akif Əlizadə müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu söyləyib. Vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc azərbaycanlı alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində əlaqələndirilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu bildirən akademik prosesin hazırda da davam etdirildiyini vurğulayıb.

AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını diqqətə çatdıran akademik Akif Əlizadə deyib: “Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədəki Avropa Nüvə Tədqiqatları Təşkilatı və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edirlər. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyənləşdirilib. Onların yaxından iştirakları ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.

Qurultay iştirakçılarını təbrik edən AMEA rəhbəri gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan gənclər və idman naziri Azad Rəhimov deyib: “Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr icra olunur. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq beş ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu müddət ərzində səkkiz min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər”.

Nazir, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqqında məlumat verib, belə layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin elm və təhsilin inkişafı məqsədilə bir çox fərman və sərəncamlar imzaladıqlarını xatırladıb. Qeyd edib ki, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır. XXI əsrin milli təhsil quruculuğunun “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib. Təhsilin keyfiyyətinin yüksəldilməsindən və kadr hazırlığının təmin edilməsindən danışan nazir müavini qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası baxımından atılmış mühüm addımlardan biridir. Eyni zamanda, “SABAH” qruplarının yaradılması, “Sabahın alimləri” respublikası müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklərin edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi onların təhsilalma imkanlarının genişləndirilməsində böyük rol oynayıb.

Hazırda respublikamızın orta ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyətindən bəhs edən Ceyhun Bayramov həmin akademiyaların alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, məktəblilər üçün konfrans və müsabiqələrin təşkil olunması işində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Avropa Komissiyası, AMEA və bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilən “Nizami” layihəsinə, 2017-ci ildə “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nın təsdiq olunmasına, elmlə təhsilin inteqrasiyasına və digər bir sıra aktual məsələlərə toxunan nazir müavini, ilk növbədə, aparılan tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyini bildirib. Ceyhun Bayramov deyib: “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması, ali təhsil müəssisələrinin və elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, elmi məqalə və elmi jurnalların keyfiyyətinin təmini, informasiya kommunikasiya resurslarından istifadənin genişləndirilməsi davamlı inkişafa xidmət edir”.

Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.

Qurultayda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Prezident mükafatçısı, Bakı Dövlət Universitetinin müəllimi Aygün İsrailova, Milli Aviasiya Akademiyasının magistratura və doktorantura şöbəsinin metodisti, texnika üzrə fəlsəfə doktoru Ramil Muxtarov, AMEA Neft və Qaz İnstitutunun təhsil şöbəsinin əməkdaşı, akademiyanın ilk məzunu Səfiyyə Əliyeva və digərlərinin çıxışları dinlənilib. Elmi fəaliyyətlə məşğul olmağın üstünlüklərindən və perspektivlərindən bəhs edən gənclər dövlətin elmi gənclik üçün yaratdığı şəraitdən söz açıb, bunun elmi tədqiqatların genişləndirilməsində güclü stimul olduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan elminin inkişafı istiqamətində bir sıra əhəmiyyətli təkliflər səsləndirilib, geniş müzakirələr aparılıb. “Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq müstəqil Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər” – qurultayda belə bir yekdil fikir ifadə olunub.

Qurultayın mandat komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev science.az portalında yaradılmış analitik informasiya sisteminə əsasən məlumatları təqdim edib və qurultayın səlahiyyətli olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Eşqanə Babayeva səsləndirib.

Photogallery

14 15 17 16

Hadisə