Çərşənbə axşamı 12 Dekabr 2017

Səhiyyə

Gəncədə fitosanitariyada beynəlxalq standartların tətbiqi mövzusunda regional tədbir keçirilib

Samirə Səmədova - 28/11/2017

Tədbir fitosanitar karantin nəzarətində olan məhsulların bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Gəncə şəhərində “Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində beynəlxalq standartların təmin edilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və xidmətin əməkdaşları, FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin nümayəndələri, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, həmçinin Gəncə, Qazax, Şəki, Zaqatala, Mərkəzi Aran bölgələrinin və Naxçıvan Muxtar Respublikasının ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak ediblər.

Tədbirdə fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericilikdən söz açılıb. Həmçinin ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar tələblər barədə məlumat verilib.

Tədbirdə idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikatlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlilinin zəruriliyi və bu sahədə dəstəyin göstərilməsindən də danışılıb.

Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin kənd təsərrüfatının sürətli inkişafına təkan verməsi nəticəsində 2017-ci ilin on ayında 30-dan çox ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla, 375321,6 min ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 faiz, dəyər ifadəsində isə 104479 min ABŞ dolları və ya 38,6 faiz çoxdur. Pomidor və kartof ixracı 50 faizdən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda, tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə çox olub.

Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə də ətraflı məlumat verib.

Camal Quliyev son illər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsindən söz açıb. Eyni zamanda, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığını deyib.

Dövlət Xidmətinin rəisi 11 regionda həm aqrokimya, karantin ekspertiza, həm də nəzarət toksikologiya laboratoriyalarının funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və bu sistemin vacibliyini vurğulayıb. Qeyd olunub ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

Eyni zamanda, məhsul istehsalçılarının və ixracatçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan üçün ənənəvi ixrac bazarlarında mövqelərin möhkəmləndirilməsi və ixrac coğrafiyasının genişləndirilməsi üçün beynəlxalq fitosanitar standartların tələblərinə uyğun sağlam və keyfiyyətli məhsulun istehsal edilməsi vacib şərtlərdəndir.

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin sahibkarların maarifləndirilməsində əhəmiyyətini qeyd edərək, son illərdə aparılan aqrar islahatların real nəticələr verdiyini vurğulayıb, bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən danışıb.

Sonra Dövlət Fitosanitar Nəzarəti Xidmətinin sektor müdiri Xəyalə Dadaşova, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin direktoru Taleh Şəmiyev və respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru Fuad Ağayev beynəlxalq fitosanitar qanunvericilik, idxalçı ölkələrin fitosanitar karantin tələbləri, ixrac zamanı məhsulların fitosanitar sertifikatlaşma sistemi, uyğunsuzluqlar üzrə notifikasiya sistemi, bitkiçilik məhsullarının tərkibində pestisid, nitrat və nitritlərin qalıq miqdarının minimal hədləri barədə ətraflı məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Photogallery

Fito Fito2

Ən çox oxunan

Hadisə