Çərşənbə günü 22 Noyabr 2017

Cəmiyyət

'Ölkəmizi tanıyaq' tur-aksiya iştirakçıları Gəncədə olub

Kamilə Seyidli - 13/11/2017

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Sumqayıt şəhərindən, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və paytaxtın Xəzər, Pirallahı, Qaradağ rayonlarından olan IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər Gəncə şəhərinə gəliblər.

Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, şəhər icra hakimiyyəti aparatının və ictimaiyyətin nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar.

Tur-aksiya iştirakçılarını salamlayan Zakir Hüseynov Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb. Zakir Hüseynov bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. 

Məktəblilər Gəncə şəhəri ilə tanışlıq zamanı Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksində, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsində olublar.

Sonra Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla, qədim əl-yazmaları, nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar “Xəmsə”ni əks etdirən daş kitabələri maraqla seyr ediblər.

Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı, Cavad xanın türbəsini, Məhsəti Gəncəvi Mərkəzini və Prezident İlham Əliyev tərəfindən yenicə istifadəyə verilmiş Mirzə Şəfi Muzeyini və şairin adını daşıyan parkı ziyarət ediblər.

Qeyd edək ki, şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.

Bildirək ki, tur-aksiyası zamanı iştirakçılar Gəncənin qədim tarixi, mədəniyyət abidələri və gəzməli-görməli yerləri ilə 11 və 12 noyabr tarixlərində tanış olublar.

 

Hadisə