Çərşənbə günü 22 Noyabr 2017

Dünya

Bu gün Ümumdünya Avtomobilsiz Günüdür

Mədinə Musazadə - 22/09/2017

Hər il 22 sentyabrda Ümumdünya Avtomobilsiz Günü qeyd olunur.

Bu günü qeydetmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi.  2001-ci ildə isə bu təşəbbüsə artıq  35 ölkənin mindən artıq şəhəri qatılıb.

Avtomobilsiz günün özəlliyi nədədir?  Ümumdünya avtomobilsiz gündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzi tərəfdarları hamını ümumiyyətlə nəqliyyatdan istifadə etməməyə, piyada gəzməyə çağırır. Məlumdur ki, avtomobil insanın vaxtına qənaət etməklə yanaşı müəyyən çətinliklər da yaratmaqdadır. Buna şəhərlərdə ətraf mühitin çirklənməsi, səs-küyün artması, yollarda tıxacların yaranması, sürücülərlə piyadaların qarşılıqlı anlaşmazlığı  aiddir. Ən dəhşətlisi isə avtomobilin insanlar  üçün yaratdığı təhlükədir.

3 min nəfər yaşayan Hidra adasında (Yunanıstan) yalnız zibildaşıyan maşınların hərəkətinə icazə var. İnsanlar isə uzaq məsafəyə getmək üçün at və su taksilərindən istifadə edirlər. Əksəriyyət isə piyada gəzir.

Avtomobilsiz ən böyük şəhər isə, təbii ki, su üzərində yerləşən Venesiyadır. Bu şəhərdə 70 min adam yaşayır  və avtomobilə heç bir ehtiyac duymur.Venesiyada əsas nəqliyyat vasitəsi qayıqlardır. Bu da bir reallıqdır ki, günümüzdə avtomobil hər an bizə lazım olur. Xüsusi təyinatlı avtomobillər bu gün öz işlərinə davam edir. Şəhər sakinləri isə şəxsi avtomobilləri,  metro və avtobuslardan istifadə edir və ya velosiped sürərək, piyada gəzərək istədiyi ünvana çatır.

Avtomobil kişilərin ən sevimli oyuncağıdır. Və bu oyuncaq onların vaxtını, bəzi hallarda həqiqi və məcazi mənada həyatını əlindən alır. Avtomobilçi öz avtomobilinin ərköyünlüyündən, inadından, gözlənilməz hadisələrədən asılı olur. Bu asılılıqdan bir günlük qurtulmaq mümkündür, bunun üçün isə avtomobilsiz bir gün keçirmək lazımdır.

Hadisə