Şənbə 23 Sentyabr 2017

Təhsil

Gəncədən 700 bal toplayan abituriyentə Bilik Fondu hədiyyə verib

Rəvanə Hacıyeva - 13/09/2017

Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. Gəncə şəhər 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadə də görüşdə iştirak edib. 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibətilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyeralarında uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq, professor Fuad Məmmədovun elm və təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyiblər.

Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıblar.

Sonda 700 bal toplayaraq tələbə adını qazanan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.