Şənbə 23 Sentyabr 2017

Siyasət

İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

GanjaNews - 12/09/2017

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xanım Çionq Txi May ilk növbədə dövlətimizin başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğuladı. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Xanım Çionq Txi May səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində olduğunu vurğulayaraq bildirdi ki, biz Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu Öndərin rolunun bir daha şahidi olduq. Qonaq qeyd etdi ki, Azərbaycan Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.