Cümə günü 24 Noyabr 2017

Səhiyyə

Bu gün Ümumdünya İlk Tibbi Yardım Günüdür

Samirə Səmədova - 09/09/2017

Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib.

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir. Bu sahədə professional yardım əlbəttə ki, həkimlərin işidir, lakin polislər və xilas edənlərin də düzgün ilkin yardım göstərə bilməsi vacibdir. Belə ki, bəzi hallarda insan həyatını xilas etmək üçün zaman əsas rol oynayır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlillik ilə nəticələnir. Bu hadisələr zamanı dünyasını dəyişənlərin əsasını 15-45 yaş arası insanlar təşkil edir. Dünyada ilkin tibbi yardım xidməti hələ 19-cu əsrin sonlarında yaranıb. Azərbaycanda isə ilk təcili tibbi yardım xidmətinin əsası 1922-ci ildə qoyulub.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

 

Hadisə